“Xoruz döyüşdürənlər” rəsm i(“Məzəli” ,1915) bizi keçmişdə şəhər sakinlərinin ekzotik əyləncəsinin şahidi edir. Bu qəribə “meydan tamaşası”məzhəkəli tiplər qalereyasını xatırladır.




Yaradıcılığının ilk mərhələsinə aid əsərlər arasında 1914-cü ildə Sabirin “Hophopnamə”sinə çəkdiyi illüstrasiyalar Azərbaycan kitab qrafikasının klassik nümunəsi hesab olunur. Şairin ifşaedici satirik poeziyası ilə rəsmlər qırılmaz vəhdət təşkil edir, üslub və bədii ifadə tərzinin yaxınlığı ilə səciyyələnir! ”Əkinçi”, ”Dilənçi”, ”Fəhlə”, ”Satiram” və başqa şeirlərə çəkilən rəsmlər fikir aydınlığı, forma sadəliyi, satirik kəsərliliyi ilə diqqəti cəlb edir.1922-ci ildə kitabın yeni nəşri üçün yenidən işlənib tamamlamış Əzimzadənin rəsmləri “Hophopnamə”nin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.









Maraqlıdır ki, Əzimzadə realist portret janrında məşhur şərq şairi Cəlaləddin Ruminin və sərkərdə Səlahəddin Əyyubinin (1912) və dahi Azərbaycan şairi Məhəmməd Füzulinin (1919) obrazlarını yaratmışdır. Həmin portretlər Azərbaycan Dövlət İncəsənət Muzeynin qiymətli eksponatlarındandır.





XX əsrin əvvəllərindən başlayaraq milli təsviri sənətin karikatura, illüstrasiya, səhnəqrafiya, sahələrində çalışan Əzimzadənin yaradıcılığı respublikada sovet hakimiyyəti  dövründə yeni vüsət alır. O, Maarif Komissarlığı nəzdində incəsənət idarəsinə, ilk dəfə təşkil olunan rəssamlıq məktəbinə rəhbərlik edir, plakat və satirik qrafika və səhnəqrafiya janrlarının  gözəl nümunələrini yaradır.
Əzimzadə yaradıcılığının mövzu dairəsi keçmiş məişətin ictimai ziddiyyətlərini , milli adət və ənənələrini tipik və bənzərsiz rəngarəngliyini əhatə edir. Müxtəlif ictimai təbəqələrin, müxtəlif peşə sahiblərinin həyatından götürülmüş konkret hadisələrə, müxtəlif insan xarakterlərinə əsaslanaraq o, keçmiş ictimai quruluşu düzgün əks etdirən canlı və tipik obrazlar qalereyasını fırçaya almışdır. Həmin obrazlar dərin ifşaedici qüvvəyə malikdir.
Əzimzadə satirasının gücü öz parlaq ifadəsini ilk növbədə məişət janrı sahəsində tapmışdır. “Müsəlmanların müqəddəs yerlərə ziyarəti” , “Köhnə Bakı tipləri” (100 tip) kimi silsilə əsərlər rəssamın keçmiş məişətin bütün təzadlarına, konfliktərinə dərindən nüfuz etdiyini göstərir. “100 tip” silsiləsində rəssam keçmiş Bakının müxtəlif təbəqə və peşələrəmənsub adamlarının , xırda küçə alverçılərinin, burjua ziyalılarının, neft milyonçularının, inzibati vəzifə daşıyan çinovniklərin ictimai və psixoloji xarakteristikasını məharətlə ümümiləşdirmişdir.
Əzimzadə yaradıcılığının mühüm xüsusiyyəti , obrazların milli koloriti, folklor ənənələrinə yaxınlığı, satira və yumor elementlərinin dərin ifadəliyi ilə səciyyələnir. Rəssam buna təkcə zahiri etnoqrafik elementlər vasitəsilə deyil, ilk növbədə xalqın ruhunu, təbiətini,  nəcib arzularını mənəvi -əxlaqi incəliklərini yumor dilində ifadə etməklə nail olmuşdur.
Əzimzadə istedadlı plakat ustası olmuşdur. Savadsızlığa, cəhalətə, riyakarlığa, qadın azadlığına həsr etdiyi plakatları siyasi və satirik məzmunu ilə fərqlənirdi. “Vətəndaş, savadsızlığını ləğv et” (1921) plakatı buna parlaq misal ola bilər. Rəssamın başlıca maraq dairəsi jurnal qəzet qrafikasında, xüsusilə yenidən nəşrə başlanan” Molla Nəsrəddin”səhifələrində geniş əhəmiyyət qazanır.1922-ci ildə çəkilmiş “Azərbəyim” rəsmində cavan , cazibədar gözəl qadın –“ Neft gözəli təsvir olunub. Bu qəşəng xanıma ingilis, amerikan, fransız və italyan ağaları eşq elan edirlər. Lakin arxadan görünən iri yumruq onların xam xəyallarını puça çıxardır.  “Lotu bambılılar satlıq deyil” sözləridə rəsmin satirik məzmununu tamamlayır. Rəssamin bir sıra rəsmləri yaxın Şərqdə, İranda və Azərbaycanda müstəmləkəçilik siyasətinə və qərb dövlətlərinin iddialarına qarşı çevrilmişdir.

шаблоны для dle 11.2