Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev bildirdi ki, Əzim Əzimzadə Azərbaycan rəssamlıq məktəbində böyük iz qoymuş şəxsiyyətlərdən biridir. XIX əsrin sonu - XX əsrin əvvəlində milli təfəkkürün formalaşmasında “Molla Nəsrəddin” jurnalı ilə birlikdə çalışaraq təsviri sənətimizin inkişafında mühüm xidmətlər göstərib: “O, Xalq rəssamı fəxri adına layiq görülən ilk sənətkar kimi də adı sənət salnaməmizə yazılıb. Ölkəmizdə karikatura janrının banilərindən sayılan rəssam özünəməxsus yaradıcılıq yolu ilə sənət tariximizdə yaşayır. Onun nəinki bu xatirə muzeyində, həmçinin Azərbaycan Dövlət Teatr Muzeyi, Milli İncəsənət Muzeyi və digər muzeylərimizdə qorunan irsi mədəniyyətimizin dəyərli sərvətləri sırasındadır. Belə şəxsiyyətlərin irsinin qorunması tariximizi, mədəniyyətimizi gələcək nəslə tanıtmaq, təbliğ etmək baxımından böyük əhəmiyyət kəsb edir”.
Nazir vurğuladı ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan inkişaf edir, paytaxt Bakıda abadlıq işləri görülür. Şəhər gözəlləşir, müasirləşir: “Bu inkişaf prosesində tarixi qorumaq və yaşatmaq baxımından mürəkkəb proseslərlə rastlaşırıq. Bəzi köhnə tikililər var ki, onları qorumaq, təmir etmək çətindir. Bunun üçün yeni imkanlar yaradılmalıdır. Bu baxımdan bu gün Əzim Əzimzadənin xatirə muzeyi bir nümunədir. Müasir şəkildə təmir edilərək təqdim edilən muzey rəssam haqqında məlumatları gələcək nəsillərə və şəhərimizin qonaqlarına ötürmək imkanı yaradır. Burada həm məkan qorunub, həm də tarix. Arzumuz budur ki, bütün muzeylərin qapıları qonaqların üzünə açıq olsun. Nazirliyin tabeliyində təmirə ehtiyacı olan bütün muzeylər bərpa edilərək ziyarətçilərin ixtiyarına veriləcək”.
Əbülfəs Qarayev xatirə muzeyinin təmirini yeni düşüncə və yanaşmanın müfəssəl forması kimi səciyyələndirdi: “Binanın birinci mərtəbəsi ziyarətçidə xoş təəssürat yaradır. Ziyarətçi yeni tikilinin içərisində olduğunu hiss etmir. Muzeyin tərtibatı rəssamın yaşadığı mühiti dolğunluqla əks etdirir”.
Nazir onu da diqqətə çatdırdı ki, hazırda C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində, C.Cabbarlının Xızıdakı ev-muzeyində təmir işləri gedir. M.Ə.Sabirin xatirə muzeyi isə təmir edilib və hazırda bədii tərtibat işləri həyata keçirilir.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ölkə başçısının tapşırığı ilə respublikada aparılan quruculuq işləri, eləcə də rayon ərazisində təmir və abadlıq işləri barədə məlumat verdi. Rayon ərazisində mədəniyyət ocaqları, abidələri sayının çox olduğunu diqqətə çatdıran A.Əsgərov buradakı mədəni istirahət məkanları sırasında Ə.Əzimzadənin xatirə muzeyinin əhəmiyyətli yeri olduğunu vurğuladı.
Tədbirdə çıxış edən Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimiv və Xalq rəssamı Arif Hüseynov təsviri sənətimizdə Ə.Əzimzadən məktəbi ilə bağlı fikirlərini bölüşdülər. Vurğulandı ki, 40 illik səmərəli yaradıcılıq fəaliyyəti dövründə rəssam 3000-dən artıq karikatura, plakat, səhnə dekorasiyası və s. janrlarda əsərlər yaradıb. Rəssam M.Ə.Sabirin "Hophopnamə"sinə çəkdiyi illüstrasiyalarla (1914) kitab qrafikası sənətinin də əsasını qoyub. Onun teatr tamaşaları üçün hazırladığı geyim eskizləri və dekorasiyalar Azərbaycan rəssamlığının bu sahədəki inkişafına xüsusi təkan verib.
Çıxışlardan sonra açılışı bildirən rəmzi lent kəsildi və qonaqlar muzeyin təmirdən sonrakı vəziyyəti ilə tanış oldular. Mədəniyyət Nazirliyinin köməkliyi ilə muzeyin binası yenidən qurulub, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə eksponatların bərpası həyata keçirilib və ekspozisiyaya yeni bədii tərtibat verilib.
Xatirə muzeyində rəssamın əsərləri, yaşadığı mühiti əks etdirən guşə və fəaliyyətini özündə cəm edən şəxsi fondu qorunur.










шаблоны для dle 11.2