Bu muzeydə rəssama aid  2116 eksponat qorunur. Rəssamın adını daşıyan bağ isə 2011-ci ildən kütləvi istirahət parkına çevrilib. 1980-ci ildə rəssamın 100 illik yubileyi ilə əlaqədar ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Filarmoniyasında rəssamın təntənəli surətdə yaradıcılıq gecəsi keçirilib. Mədəniyyət və incəsənətimizi yüksək qiymətləndirən  Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev rəssamın xatirəsini  əziz tutaraq, onun anadan olmasının 125 illik yubileyinin keçirilməsi barədə sərəncam imzalayıb. Məleykə Əkbərova fırça ustasının vaxtilə yaşadığı evin Nazirlər Sovetinin 14 iyun 1965-ci il tarixli qərarı ilə xatirə muzeyi kimi yaradıldığını deyir: "1968-ci ildə fəaliyyətə başlayan mədəniyyət ocağı Bakıda rəssamlıq üzrə ilk ev-muzeylərdən biridir. Hazırda muzey təmirdən sonra yenidən qapılarını ziyarətçilərin üzünə açır”.Qapıdan içəri daxil olduqda, sol tərəfdə heykəltəraş Ömər Eldarovun  1968-ci ildə rəssamın şərəfinə hazırladığı büst  yerləşdirilib. Sağ tərəfdə isə ulu öndər Heydər Əliyevin rəssam haqqında "Azərbaycanda rəssamlıq sənətinin banisi dahi rəssam Əzim Əzimzadə  xalqın qəlbində daim yaşayacaqdır” sözləri divarda əks olunub. Uzun bir dəhliz boyu  rəssamın istifadə etdiyi fırçalar, iş masası, fırça qabları bizi müşayiət etdi. Divar boyu bir neçə tabloları asılan rəssamın, digər əsərlərinin harada olduğunu soruşduq. Bələdçi bildirdi ki, tanınmış rəssamın tabloları muzeydə yaradılan monitorda göstərilir. Hansı ki, burada rəssamın çəkdiyi əsərlər növbə ilə bir-birini müşayiət edir. Muzeydə 3 monitor var, onlardan biri rəssamın həyatını əks etdirir. Burada onun ailə üzvləri, övladları ilə olan şəkilləri əks olunub.İkinci monitorda rəssamın əsərləri nümayiş olunur. Üçüncü monitorda isə  televiziyalarımızda rəssamla bağlı hazırlanan verilişlər əks olunub. 
Rəssamın muzeydə əsərlərinin az olduğunu görüb, digər əsərlərin harada saxlandığını soruşduqda isə öyrənirik ki, Əzimzadənin, R.Mustafayev adına Azərbaycan Dövlət  İncəsənət muzeyində  232 əsəri, 3 albomu, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr  Muzeyində  isə ona aid 499  ədəd  eksponat saxlanılır. Digər əsərləri isə  Ev Muzeyinin fondunda qorunur. Muzeydə qorunan əşyalar məhz ailəsi tərəfindən muzeyə ərməğan olunub. Otaqlarda Əzim Əzimzadənin iş masası, şəxsi əşyaları, kolleksiyası, kitabları, əsərləri nümayiş olunur.  Dəhlizin sonunda, divar boyu, rəssamın əsəri olan Qoşa qala qapısının maketi hazırlanıb. Gülağa Mirəliyevlə Elxan Əliyev tərəfindən hazırlanan maketin qarşısında rəssamın ən məşhur əsərlərinin qəhrəmanları təqdim olunur.  Bura muzeyin ən maraqlı guşəsidir. Söhbət əsnasında muzeyin ziyarətçilərindən də danışırıq. Xalidə Babayeva deyir ki, muzeyə gələn izləyicilərin sayı çoxdur: "Əvvəllər təmir işləri ilə əlaqədar olaraq ziyarətçiləri qəbul edə bilmirdik. Bundan sonra heç kimi qapıdan qaytara bilmərik.  Belə ki, əvvəllər bədii tərtibat tam hazır olmadığı üçün ziyarətçi qəbul etməyə icazə yox idi. İndi isə qapılarımız ziyarətçilərimiz üçün açıqdır. Buraya ən çox rəssamlıqla maraqlanan insanlar, rəssamlar gəlir. Əzim Əzimzadəni sevən gənc rəssam və tələbələr bizə daha çox müraciət edirlər”. 
 Qeyd edim ki, muzeyə giriş  ödənişsizdir. Hər bir şəxs ödəniş etmədən muzeylə yaxından tanış olmaq imkanına sahibdir. Yetər ki, etik normalara əməl etməyi bacarasan. Xalidə xanım eyni zamanda Muzeyin "Facebook” səhifəsini idarə edir. Deyir ki, bu səhifənin beş minə qədər izləyicisi var: "Burada keçirilən tədbirlər, layihələrin hamısı "Facebook” səhifəmizdə qeyd olunur. Bundan sonra da boş dayanmaq fikrində deyilik. Şagirdləri, məktəbliləri muzeyə cəlb etməyə çalışacağıq. Məktəblərdən çox zənglər qəbul edirik. Əvvəllər onlara hələ fəaliyyət göstərmədiyimizi deyirdik. Artıq bundan sonra məktəblərlə müqavilə bağlayacağıq ki, onlar da vaxt tapdıqca muzeyimizi ziyarət edə bilsinlər ki, yeni nəsil Əzim Əzimzadə haqqında daha çox məlumata sahib olsun”.Xalidə xanımdan başlarına gələn maraqlı əhvalatları da xəbər alırıq. Deyir ki, aprelin 30-da Əzim Əzimzadənin doğum günündə muzeyin "Facebook” səhifəsində rəssamın fəaliyyətindən xəbərsiz olan izləyicilərin yazdıqları təbriklər çox maraqlı olur: "Hər il rəssamın doğum günündə səhifəmizdə bəzi izləyicilər "Yüz yaşa”, "Allah sizə uzun ömür versin”, "İşlərinizdə uğurlar”, "Yaradıcılığınızda müvəffəqiyyətlər”, "Xoş arzular” kimi təbriklər yazırlar. Ötən il məlumat verməli oldum ki, rəssam həyatda yoxdur, 1943-cü ildə vəfat edib. Bura onun ev muzeyinin səhifəsidir”. 
 
Xatirə muzeyində olduğumuz zaman Əzim Əzimzadənin ailə üzvlərindən nəvəsi Sevda Əzimzadə, nəticəsi Nigar Əzimzadə də orada idi. Fürsətdən istifadə edib, onlarla da söhbət etdik.  
Nəvəsi Sevda Əzimzadə babasını sağlığında görə bilmədiyini, ancaq onun gördüyü işlər haqqında əfsanələr, rəvayətlər eşitdiyini deyir: "Əzim Əzimzadə haqqında o qədər şeylər eşitmişəm ki… Babamı görmək mənə qismət olmayıb. Ancaq hər kəs babam haqqında gözəl  sözlər danışır. Nənəm deyirdi ki, Mircəfər Bağırovun zamanında yaradıcı insanları tutur, onları cəzalandırırdılar.  Nənəm danışırdı ki, hər dəfə gecə qapımız döyüləndə Əzim Əzimzadə qorxurdu ki, onu aparmağa gəliblər. Qapımız döyüləndə "Səriyyə, mənim dalımca gəliblər” deyərək narahat olardı. Ancaq nənəm sevinirdi ki, bu hadisə heç vaxt baş vermədi. Babamın bütün əşyaları mənim üçün dəyərlidir. Burada gördüyünüz hər bir əşyasını sevərək muzeyə hədiyyə etmişik. Mən ondan özümə heç nə saxlamamışam. Nənəm deyir ki, babam çox əliaçıq, mehriban insan olub. Onun bax o şkafında (əli ilə qonşu otaqdakı şkafı göstərir-müəllif) həmişə şokoladlar olurdu. Moskvaya gedəndə tələbələri üçün dadlı şokoladlar gətirirdi. O zamanlar burada şokolad çox az tapılırdı. Otaqda uşaqlara rəssamlıqdan dərs keçirdi. Uşaqlara şokolad payladıqdan sonra  onlara şəkil çəkdirirdi.
Gördüyünüz bax o mebeli qızına cehiz vermişdi. Muzey açılanda  qızı atasının ona verdiyi əşyaları da muzeyə hədiyyə verdi. Rəssamın iki qızı vardı. Onlara verdiyi cehizlərin ən sanballısını və mənəvi əhəmiyyət daşıyan əşyaların hamısını muzeyə verdilər. Bu evin zirzəmisində nənəm, onun boyasını, fırçalarının hamısını yeşiklərdə saxlayırdı”.Sevda Əzimzadə deyir ki, muzey açılanda rəssamın zirzəmidə saxlanan əşyaları muzeyə hədiyyə edilib: "Muzey açılanda biz o yeşikdəki bütün əşyaları çıxardıq. Əslində muzeyi təmir etmək fikrimiz yox idi. Sadəcə, bu binada tikinti işləri aparılarkən, yük muzeyə düşdü. Divarın bir tərəfi töküldü. Sonra gördük ki, tikinti davam etdikcə, mənzil yarasız vəziyyətə düşür. Tikinti ni aparanlara müraciət etdik. Nazirliyin razılığı alınandan sonra isə əsaslı təmir edildi”.  
Rəssamın nəticəsi, gənc rəssam Nigar Əzimzadə deyir ki, bu muzeyin onun üçün ayrıca bir yeri var: "Mən 5 yaşımdan rəssamlıqla məşğulam. Bəlkə bu istək mənə ulu babamdan, yəni gendən keçib. Ancaq mən satira janrından rəsm çəkmirəm. Mənim dəsti-xəttim tamamilə başqadır. Əzim Əzimzadə adına texnikumda təhsil almışam və onun ruhunu məhz təhsil aldığım müəssisədə hiss etmişəm.  Ulu babamla hər zaman fəxr etmişəm”.
Ailə üzvləri ilə söhbətimizi bitirdikdən sonra muzeyin xatirə dəftərində ürək sözlərimizi qeyd etdik. 
Xəyalə Rəis















шаблоны для dle 11.2